Cəlilabad rayonu, Göytəpə şəhər sakini Araz Bayramov illərdir ki, işsizdir. O, 2019-cu ilin dekabr ayında rayonda yerləşən məşğulluq mərkəzinə müraciət edib və işsiz kimi qeydiyyata götürülüb. Lakin bu günə qədər ona heç bir iş təklif edilməyib.
Araz Bayramov üçüncü qrup əlildir. Hazırda valideyenlərinin himayəsində yaşayır. İşlə təmin edilməməsi ona çətinliklər yaradır.
Məsələ ilə bağlı Lənkəran- Astara Regional Məşğulluq Filialının Cəlilabad Rayon Xidmət Şöbəsindən bildirilib ki, Araz Bayramovun müraciəti araşdırılıb. O, daha öncə özünüməşğulluq proqramına müraciət edib və növbəyə alınıb.
Sonuncu danışıq zamanı o, özünüməşğulluq proqramından imtina etdiyini və əsas istəyinin yaşadığı inzibati ərazi üzrə ictimai işlərə cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı olduğunu bildirib. Vətəndaş “Traktorist, maşinist-çilingər” ixtisası üzrə peşə təhsilinin olduğunu, “Azərişıq” ASC və “Azəriqaz” İB-in yerli bölmələrində nəzarətçi-mühəndis ixtisası üzrə çalışmaq arzusunda olduğunu ifadə edib.
”Hazırda vakansiya bankında vətəndaşın istəyinə uyğun münasib iş olmadığından göndəriş formalaşdırmaq mümkün olmayıb. Onun məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi proqramın tərtib olunması məqsədilə məşğulluq filialına dəvət edilib. Yaxınlaşacağı təqdirdə qanunamüvafiq qaydada köməklik göstəriləcək”, – deyə qurumdan əlavə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.icra-hakimyyeti.org.az