Azərbaycanın dövlətçiliyinə və parlament diplomatiyasına mühüm tövhələr verən yeganə müxalifətçi millət vəkili.
Əsl deputat seçildiyi ərazini bir coğrafiya olaraq tanımalı, insanların, əhalinin ən qabarıq problemlərinin xəritəsinə bələd olmalıdır. Əsl millət vəkili insanlarla ünsiyyət saxlamalı, həmin problemləri dövlətin görə biləcəyi bir təşəbbüsə, proqrama, layihəyə çevirməklə onların həll olunmasında addımlar atılmalıdır. Bütün bunların zəmnində hökumət strukturları ilə daimi təmaslarını təmin etməlidir. Həmçinin o, müxtəlif şəkildə hüquqlarına, haqlarına təsir göstərmiş insanların qorunmasında iştirak etməlidir. İkinci böyük tələb isə, beynəlxalq əlaqələrdə yer tutmaqdır. Azərbaycanın parlament diplomatiyasına tövhə verməyi bacarmalıdır. Beynəlxalq tələbləri bilməli, izləməli və buna adekvat olaraq Azərbaycanın maraqlarını qorumalıdır.
Parlament üzvünün özünə məxsus obrazı var. Bu illər ərzində ona uyğun olan son dərəcə istedadlı, qabiliyyətli, millət adına çox böyük işlər görmüş və jurnalistlər tərəfindən obyektiv keçirilən sorğularda hər zaman ilin millət vəkilləri seçilmiş o insanları millətimiz də həqiqi parlamentari kimi qəbul etməlidirlər. Bu kriterilərə cavab verən millət vəkillərimizdən biri də Fəzail İbrahimlidir.
Əlbəttə ki, professor Fəzail İbrahimlinin zəngin və şərəfli bioqrafiyasında ali qanunverici orqanda fəaliyyət göstərdiyi dönəm qızıl səhifələr təşkil edir. O, 2000-2005-ci ildə Parlament Jurnalistlər Birliyinin keçirdiyi nominasiyalarda “ən cəsarətli deputat” nominasiyalarının qalibi olub. 2004-cü ildə “İlin deputatı” nominasiyasını qazanıb. 2005-ci ildə 5 illik fəaliyyətinə görə “Ən fəal deputat” seçilib.
Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Rus dilini bilir.
1973–1977-ci illərdə Yardımlı rayonunda orta məktəb müəllimi işləmişdir. 1977–1982-ci illərdə hərbi xidmətdə olmuş, aspiranturada təhsil almışdır. 1982-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Ailəlidir, 3 övladı var.
Parlamentə yüksək əhval-ruhiyyə və böyük bir məsuliyyət hissi ilə gedən Fəzail İbrahimlinin məqsədi orada yalnız əyləşmək, yaxud ara-sıra nəyəsə münasibət bildirməklə işini bitmiş hesab edən bəzi həmkarlarından fərqli olaraq, parlamentin bütün işlərində, hətta üzvü olmadığı digər komitələrin də toplantısına qatılıb qanun layihələrinin müzakirəsində, qanunların qəbulunda, parlamentlərarası işçi qruplarda və sair işlərdə yaxından iştirak etmək, qanunverici orqanın fəaliyyətinə öz töhfəsini vermək olmuşdur. Azərbaycanın həddən çox dairələrində seçicilər öz deputatlarını tapa bilmədiklərindən şikayətləndikləri halda Fəzail İbrahimli sübut etmişdir ki, millət vəkili vaxtından, imkanından asılı olmayaraq həmişə seçicilərinin yanında ola bilər. Fəzail İbrahimli seçki dairəsində yerləşən ünvanlarda keçirdiyi görüşlər zamanı seçiciləri narahat edən problemləri dinləyib, onların həlli istiqamətində mümkün olan variantları araşdırıb, öz səlahiyyəti çərçivəsində həll olunması mümkün olanların həllinə nail olub və ya aidiyyatı qurumlara ünvanlayıb. Baxılması üçün dövlət orqanlarına göndərilən məktubların əksəriyyətinə cavab məktubu alınıb və qaldırılmış məsələlər müsbət həll edilib.
2021-ci ilin aprel ayında Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə müxalifətçi millət vəkili Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.
Gəlin görək, nüfuzlu ziyalılar Fəzail İbrahimli barədə nə düşünürlər.
VHP sədri, deputat Sabir Rüstəmxanlı: “Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin bir ümumi cəhət də var, bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir. O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP-də, həm də Milli Məclisdə özəl bir sayğı və nüfuz qazandırıb. Mən Fəzail bəyi cavanlığından milli əxlaqa bağlı, böyük-kiçik yeri bilən, öz ləyaqətini qoruyan, haqqın tərəfində dayanan, sözünü cəsarətlə deyən, müdrik bir insan kimi tanımışam. VHP-nin milli birlik ideyası Fəzail bəyin də vətəndaşlıq və siyasətçi amalını təşkil edir…”
Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Fəzail İbrahimlini uzun illərdir tanıdığını söyləyib. R. Məcidin sözlərinə görə, vitse-spiker hər zaman öz təvazökarlığı və təmkini ilə fərqlənən insan olub. O, həm müəllim kimi, həm də millət vəkili kimi ictimaiyyətin rəğbətini qazanıb. Tələbələrinin Fəzail İbrahimli haqqında xoş fikirlərinin dəfələrlə şahidi olmuşam. Bir tarixçi, müəllim kimi əvəzolunmazdır. Tarixi məsələlərlə bağlı münasibət bildirəndə də heç zaman emosionallığa qapılmır, həqiqətləri obyektiv, sakit şəkildə qeyd edir”.
Deputat həmkarı Aqil Abbas: “Fəzail İbrahimli böyük alim, elm xadimidir. O, tariximizi bilən, güclü məntiqli insandır. Yadıma gəlir, bir dəfə parlamentdə Azərbaycan himni ilə bağlı müzakirə gedirdi. Fəzail İbrahimli himnimizi misra-misra hər kəsə izah etdi, himnimizin sözlərinin necə önəmli məqamları əhatə etdiyini elə açdı ki, hər kəsin ürəyincə oldu. O, çox saf təmiz insandır. Gözəl yol yoldaşıdır. Onunla səfərlərimizdə bunun şahidi olmuşam. Xarici ölkələrdə də Fəzail İbrahimli bizi həmişə savadı, biliyi və müdrikliyi ilə təmsil edib. O, konfranslarda dediyi hər sözü, hər kəlməsi ilə insanları doğrulara inandırmağı bacarıb. Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda böyük rolu olub. Fəzail İbrahimli parlamentdə müxalif partiyanı təmsil edir və hazırda vitse-spikerdir. Bəzən biz şahidi oluruq ki, bəzi şəxslər vəzifəyə təyin olunandan sonra dəyişirlər. Lakin Fəzail İbrahimlidə bu xüsusiyyət yoxdur. Həminki insandır, dəyişməz xarakteri var. Mehribandır, səmimidir”.
Parlament Jurnalistləri Birliyinin üzvü İmdad Əlizadə: “Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir. Bunun nəticəsidir ki, 2020-ci ildə Milli Məclisin sədr müavini vəzifəsinə seçilib. Hesab edirəm ki, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir”.
Çox hörmətli Fəzail İbrahimliyə uzun ömür, möhkəm can sağlığı, siyasi, elmi, pedaqoji, ictimai fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Müəllif: Tural Kəlbəcərli
www.icra-hakimyyeti.org.az