Abşeron rayonunda valideynlər bağçanın həyətindəki natəmizlikdən şikayətçidirlər.
Bu barədə şikayət sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, Abşeron rayonu, 21-ci məhəllə deyilən ərazidə yerləşən özəl bağçalardan birinin həyəti bərk məişət tullantıları, şüşə qırıqları ilə dolub-daşır. Valideynlər bu səliqəsizliyin uşaqlar üçün təhlükəli olduğunu, yıxılarkən ciddi xəsarət almalarından ehtiyat etdiklərini deyirlər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda yerləşən bağça mənzil-tikinti kooperativinin (MTK) ərazisində yerləşir:
“Aidiyyəti üzrə vətəndaşların şikayəti nəzərə alınaraq bağçanın həyətindəki bərk tullantılar, natəmizlik aradan qaldırılıb. MTK-ya sözügedən ərazinin təmiz saxlanmasına dair xəbərdarlıq edilib”.
Könül Cəfərli
www.icra-hakimyyeti.org.az