Deputat: “Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması İlham Əliyevin siyasətinin şah əsəridir”

Siyasət


“Azərbaycan xalqı olaraq mühüm tarixi hadisə ərəfəsindəyik. 2003-cü il oktyabrın 1-də xalqımıza müraciət edən ulu öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işləri İlham Əliyevin başa çatdıracağına inandığını demiş, vətəndaşları seçkilərdə onu dəstəkləməyə çağırmışdı. Ulu öndərimizin çağırışına səs verən xalqımız 15 oktyabr prezident seçkisində İlham Əliyevə böyük etimad göstərmişdi. İlham Əliyevə səs verməklə xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi”.

Bunu Oxu.Az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.

Millət vəkili qeyd edib ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

“Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı güclü siyasi sistem bərqərar olunub.

Ardıcıl olaraq həyata keçirilmiş islahatlar ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirərək 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

2020-ci ilin 27 sentyabrda başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı”, – deyə Fatma Yıldırım əlavə edib.

Deputat xatırladıb ki, rəşadətli Ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizlənib, separatçı rejim özünü buraxdığını elan edib.

“Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir, zirvəsidir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərin sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

Azərbaycan dövləti qalibdir və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə – doğma Qarabağımızda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Artıq yüzlərlə keçmiş məcburi köçkün ailəsi “Böyük Qayıdış”ın sevincini yaşayır.

Biz inanırıq ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlər nəticəsində bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək!”

Milli Məclis üzvü əlavə edib ki, Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır.

“Birmənalı şəkildə qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq”, – deyə Fatma Yıldırım fikrini yekunlaşdırıb.

Aysel Aslan

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir