Ermənistanın yönü haradır? Baş nazir Nikol Paşinyan Azərbaycana qonşu olan bu dövləti hansı istiqamətə aparır? Siyasi, iqtisadi və s. əlaqələr, əməkdaşlıqla bağlı istiqamət, vektor hansı tərəfdir?
Bunlar müstəqil olmaq istəyən bütün dövlətlər üçün klassik suallardır.
Əvvəllər iki tərəf var idi: Şimal, Qərb. Bunu seçməyib, üçüncü yol axtaranlar az idi. Bəzi ölkələr ikisindən birinə üstünlük verməyə çalışırdılar. Məsələn, Hindistan, İran, müəyyən mənada Çin, Misir bir müddət 3-cü yolla – öz yolları ilə getməyə çalışdılar. Ancaq sonradan “öz yolları” adlandırdıqları istiqamət onlara problemlər yaratdı. Bu səbəbdən həmin ölkələr vektorlarını müəyyənləşdirdilər. Beləliklə, Hindistan, Misir daha çox Qərbə, Çin və İran isə Şimala yönəldilər.
İndiki beynəlxalq siyasi müstəvidə Qərbi təmsil edən ABŞ hələ də əsas güc olaraq qalır. Bura Avropa İttifaqı da əlavə olunub. SSRİ dağıldıqdan sonra Şimal güc mərkəzinin rolunu Rusiya oynamağa çalışır. Çin də özünü güc mərkəzi sayır. Ancaq bunun üçün vektoru Pekinə yönəldənlərə əlavə maliyyə xərcləri sərf edilməsini nəzərə alan Çin özünü hələ bu rola hazır görmür. Eləcə də İslam dünyası – ərəblər və digərləri hələ ki güc mərkəzi kimi çıxış edə bilmir.
Ermənistana gəldikdə, onun dövlət olmaq, yaranmaq, mövcudluğu və müstəqil olmaq tarixi, əraziləri ələ keçirməsi, işğalçılıq fəaliyyəti məlumdur. Bununla bağlı yetərincə tarixi faktlar, sənədlər mövcuddur.
Oktyabrın 10-da Nikol Paşinyan Ermənistan İctimai televiziyasına müsahibəsində İrəvanın Avropa İttifaqı və Rusiya ilə əlaqələrindən danışıb. O, Moskvanın “Ermənistan vektoru dəyişib, Qərbə sarı hərəkət edir” ittihamına cavabında deyib: “Biz heç bir vektoru dəyişmirik. Avropa İttifaqı ilə əhatəli və genişlənmiş tərəfdaşlıq haqqında razılaşma 2018-ci ilədək (Ermənistan prezidenti Serj Sarqsyanın dövründə – red.) imzalanaraq ratifikasiya olunub. Biz heç nəyi dəyişmirik. Rusiya ilə münasibətlərdə nə baş versə də, biz heç nəyi dəyişməmişik. Heç yerə də getmirik”. Bununla o, Avropa İttifaqı ilə yaxınlaşmanın məsuliyyətinin əvvəlki iqtidarın üzərinə yıxmağa çalışır. Ancaq hadisələr və faktlar Paşinyanın bu açıqlamasının gerçəkliyi əks etdirmədiyini təsdiqləyir.
Oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət başçıları Şurasının iclası keçiriləcək. Tədbirə Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı bildirilib. Ancaq Nikol Paşinyan açıqlanmayan səbəbdən bu toplantıda iştirak etməyəcək. Rəsmi İrəvanın üzləşdiyi mövcud şəraitdə onun Rusiya və başqa dövlətlərin liderləri ilə görüşməsi üçün çox sərfəli fürsət yaranır. Paşinyanın isə bu imkandan istifadə etməməsi vektorun həqiqətən də yana əyildiyinin göstəricisidir.
Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB XİN başçılarının görüşündə iştirak edə bilməyəcəyini bildirmişdi. Onu bu tədbirdə müavini əvəzləyəcək.
Ölkə prezidenti Vaaqn Xaçatryan sentyabrın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəni geri çağırdı. Bunun səhəri gün isə rəsmi İrəvan ABŞ ilə birgə hərbi təlimlər keçirəcəyini elan etdi. Həmin təlimlər sentyabrın 8-dən 20-dək davam edib. Ümumiyyətlə, Ermənistan hakimiyyəti bu ilin mayında bildirmişdi ki, KTMT-də üzvlüyünü dondura bilər. Bu günlərdə isə Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu Ermənistan parlamenti ratifikasiya etdi. Nikol Paşinyan parlament müzakirələrindən əvvəl sənədin qəti olaraq qəbul ediləcəyini bildirmişdi. Bu sənədin təsdiqlənməsinin də Rusiya Prezidenti Vladimir Putinə qarşı olduğu istisna edilmir.
Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına qarşı Ermənistanda çoxsaylı çıxışlar var. Bundan başqa, ənənəvi müttəfiqinə qarşı İrəvanda 2018-ci ilin mayından etiraz aksiyaları keçirilir. Bu etirazların da əsasını məhz Nikol Paşinyan və komandasının vektorunun şimaldan qərbə doğru dəyişməsi təşkil edir. Ona görə də bu hökuməti bir layihə saymaq olar.
Hökumət başçısının “Ermənistan öz müttəfiqlərini heç vaxt satmayıb” ifadəsi də mücərrəddir. Çünki rəsmi İrəvanın müttəfiqi məlum deyil. Siyasətdə açıqlamalara deyil, daha çox əmələ, fəaliyyətə inanırlar. Paşinyanın vektoru dəyişmədikləri ilə bağlı açıqlaması da müəmmalıdır. Axı, o, nə müttəfiqləri, nə də yönün mənbəyini bəyan edib. Deməli, Ermənistan yelkənsiz qayığa daha çox oxşayır. Onun nə vektoru, nə də kompası var. Bu kimi səbəblər isə rəsmi İrəvana etibarı azaldır. Onun verdiyi vədlərə, imzaladığı sənədlərə güman qalmır…
“Report” İnformasiya Agentliyi
www.icra-hakimyyeti.org.az