“Dünəndən yoluxucu xəstəliklər xəstəxanasına 10 sığınacaq sakini yerləşdirilib”.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, hazırda ölkədə qızılca xəstəliyi çox yayılıb və ağırlaşma halları var:
“Xəstəxanaya yerləşdirilən iki sığınacaq sakinin vəziyyəti ağırdır. Məlumdur ki, bizə yerləşdirilən uşaqların tibbi tarixçələri bir çox halda olmur. Bu səbəbdən onların peyvənd olub-olmadığı barədə az məlumat olur.
Amma xəstəxanaya bu gün uşaqları ziyarət etdiyimdə onlarla ailədən gələn, qızılcaya yoluxan uşaqları gördüm. Əksəriyyəti zamanında peyvənddən imtina etmiş valideynlərin uşaqlarıdır. Nə olar vurdurun peyvəndləri, uşaqların sağlamlığını qoruyun. Bu xəstəlikdən komada olan uşaq belə var. Peyvəndlər haqqında məlumatları dildən-dilə deyil, həkimlərdən alın”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

www.icra-hakimiyyeti.az