Elşad Nuriyev: “Sənaye parklarında təhlükəsizliklə bağlı hansısa ciddi hadisə baş verməyib”

Cəmiyyət


“Sənaye parklarının ərazisində çoxşaxəli infrastruktur var”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bu gün Gülüstan sarayında keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.

E.Nuriyev qeyd edib ki, Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində üç böyük yarımstansiya fəaliyyət göstərir ki, onların da hər biri Gəncə kimi şəhəri elektrik enerjisi ilə təmin edə bilər:

“Təkcə bizim bir rezidentimiz istifadə etdiyi qazla Sumqayıt kimi şəhəri elektriklə təmin edə bilər. Bu o deməkdir ki, həmin resursları təmin edən infrastruktur fəaliyyət göstərir”.

Sədr bildirib ki, agentlik hazırda altı sənaye parkı və dörd sənaye məhəlləsini idarə edir:

“Sənaye parkı və zonalarının yaradılması istiqamətində normativ aktların hazırlanması istiqamətində işlər görürük. Hər bir sənaye parkında əməyin mühafizəsi və təhlükəsizlik bizim üçün bir nömrəli prioritetdir”.

Elşad Nuriyev xüsusi olaraq sonda qeyd edib ki, bunadək sənaye parklarında təhlükəsizliklə bağlı hansısa ciddi hadisə baş verməyib.

Nəzrin Vahid

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir