İsrailin oktyabrın 30-da husilərin Eylat şəhərinə atdığı ballistik raketi vurması, ehtimal ki, bəşər tarixində ilk kosmos döyüşü olub.
Bu barədə “The Telegraph” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, İsrailin “Arrow” raket əleyhinə müdafiə (RƏM) sistemi raketi Yer atmosferindən kənarda vurub. Ballistik raket İranın dəstəklədiyi husilər tərəfindən Yəməndən buraxılıb və İsrailin liman şəhəri Eylatdakı hədəfinə doğru getmək üçün Ərəbistan yarımadası üzərində təxminən 1000 mil (təxminən 1600 km) uçub.
İsrail Müdafiə Ordusunun (SAXAL) hava qüvvələri sistemləri raketin trayektoriyasını izləyib və onu ən münasib vaxt və yerdə vurub.
Bazar ertəsi buraxılan ballistik raket İranın “Shahab-3”ünün təkmilləşdirilmiş versiyası olan “Qader” raketi olub. Uzunluğu 15 metrdən çox olan “Qader” fuqas döyüş başlığı daşıyır. Onun diapazonu husilərə bütün İsrailə zərbə endirəcək məsafədədir.
İsrail Müdafiə Nazirliyi partlayış anını əks etdirən video yayımlayıb.
Eylatdan çəkilən fotolarda “Arrow” raketinin tüstüsünün izi görünüb, sakinlər isə bərk partlayış səsi eşitdiklərini bildiriblər.
“Uğurlu məhvetmə – bu, sadəcə Eylat əhalisini qorumaq və husilərin öyünməsinə zərbə vurmaq deyil, daha böyük məsələdir. Hər şeydən əvvəl, bu, raketlərin buraxılışının arxasında duran və raketləri təchiz edən İrana sübut edir ki, İsrail onun raket proqramına qarşı hərəkət etmək imkanına malikdir və bunun regional münaqişə üçün daha geniş təsirləri var”, – deyə nazirlikdən bildirilib.
İsrailin “Arrow” raketdən müdafiə sistemi ilk dəfə Yer atmosferindən kənarda raket vurub.
www.icra-hakimiyyeti.az