Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023”ün növbəti fəaliyyətinə – “Dəmir Yumruq! Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi”nə start verilib.
14-18 dekabr tarixlərini əhatə edən düşərgənin keçirilməsində əsas məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, yeni əməkdaşlıqların yaradılması, şəbəkələşmənin gücləndirilməsi və gənclərin əyləncəli zaman keçirməsinin təmin edilməsidir.
Quba rayonunda 150-yə yaxın gənc könüllünün iştirakı ilə 4 gün davam edəcək düşərgədə rəsmi nümayəndələrin, Türk Dövlətlərinin könüllü təşkilatlarının nümayəndələrinin və könüllülərin iştirakı ilə panel görüşlər, təlimlər, ekskursiyalar, intellektual oyunlar və idman yarışları, həmçinin əyləncə proqramlarının təşkil edilməsi nəzərdə tutulub.
Düşərgəyə Türk Dövlətlərinin Könüllü Təşkilatlarının rəhbər və nümayəndələri ilə AKTİ arasında keçirilən əlaqələndirmə görüşü ilə start verilib. Görüşdə ölkələr arasında təcrübələrin bölüşülməsi, könüllü fəaliyyəti haqqında beynəlxalq standartların hazırlanması və əməkdaşlıq imkanlarının daha da artırılması barədə razılığa gəlinib. Düşərgənin ikinci günündə AKTİ-nin baş katibi Vüqar Əliyev tərəfindən könüllülərə “Kütləvi tədbirlərin təşkili, tədbirlər zamanı könüllülərlə iş mexanizmi” mövzusu üzrə təlim təşkil edilib. Proqrama uyğun olaraq günün ikinci yarısında düşərgə iştirakçılarına Özbəkistan nümayəndə heyəti tərəfindən Özbəkistanda fəaliyyət göstərən könüllü təşkilatlarının təqdimatı keçirilib.
Günün sonunda könüllülərin asudə vaxtlarını dəyərləndirmələri məqsədi ilə şəbəkələşmə oyunu baş tutub və musiqili parti təşkil edilib.
Qeyd edək ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı bu gün daha geniş imkanlarla fəaliyyətini davam etdirir. Bunun nəticəsində, artıq ölkəmizdə 6-cı dəfədir ki, Azərbaycan könüllülərini bir çətir altında birləşdirən Könüllülük Həftəsi, uğurla fəaliyyətini davam etdirməkdədir.
www.icra-hakimiyyeti.az