Fransanın “Sciences Po” Siyasi Tədqiqatlar İnstitutunun direktoru Matias Vişera Parisdə məişət zorakılığı ilə bağlı saxlanılıb.
Onunla birlikdə həyat yoldaşı da tutulub. Hər ikisi bir-birini zorakılıqda ittiham edirlər. Lakin baş verənlərin təfərrüatları açıqlanmır.
Cütlük bazar günü axşam saatlarından Parisin 7-ci rayonunda həbsdədirlər.
Qeyd edək ki, Vişera 2021-ci ildən etibarən “Sciences Po”ya rəhbərlik edir. Onun sələfi Frederik Mion politoloq Olivye Dühamelin cinayətlərini ört-basdır etmək ittihamları ətrafında yaranmış qalmaqala görə istefa verib. 2021-ci ildə polisdə dindirilmə zamanı Dühamel 1980-ci illərdə ögey oğluna qarşı zorlama və təcavüz iddialarını etiraf edib, lakin iddia müddətinə görə iş bağlanıb.
Qeyd edək ki, Siyasi Araşdırmalar İnstitutu 1872-ci ildə yaradılıb və Fransa siyasi elitasının qeyri-rəsmi dayağıdır. Onun məzunları arasında hazırkı prezident Emmanuel Makron da daxil olmaqla, dörd Fransa prezidenti və respublikanın 13 baş naziri var. Hazırda burada 14 min tələbə təhsil alır.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az