Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.
“Report” xəbər verir ki, bunu o, dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq tədbirdə edib.
“Bu coğrafiyada parıldayan Azərbaycanın Prezidenti İlham Əliyev bəyan etdi ki, Qərbi azərbaycanlılar yurdlarına qayıtmalıdırlar. Mən də bu haqq savaşında Azərbaycanın dəstəkçisiyəm”, – deyə Ş.Ayrım əlavə edib.
TBMM üzvü vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, ordusu, siyasətçiləri, xalqı ilə güclü bir Azərbaycandır:
“Azərbaycan türkləri bu torpaqlarda çox əziyyət çəkiblər, onların qəbirləri, mədəniyyət ocaqları yox edilib. Bu gün isə biz şükür edirik ki, Azərbaycan torpaqlarını bərpa edib”.
www.icra-hakimiyyeti.az