Ali Məhkəmədə avtomobillə qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Yusif Qənbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, hadisə 24 mart 2022-ci il tarixdə, saat 13:30-da Sabirabad rayonu Qalaqayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sabirabad rayonunun Kürkənd kənd sakini, 1993-cü il təvəllüdlü Yusif Əhmədağa oğlu Qənbərovun idarə etdiyi “Khazar LX” markalı avtomobil Sabirabad sakini, 1994-cü il təvəllüdlü Fərid Mirasim oğlu Həşimovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Qəza zamanı “Khazar LX” markalı avtomobil yol kənarında dayanan rayon sakini, 2007-ci il təvəllüdlü Əvəz Yaşar oğlu Mehtiyevə dəyib. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzadan sonra Yusif Qənbərov hadisə yerindən qaçıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Yusif Qənbərovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.icra-hakimiyyeti.az