Azərbaycanın siyasi partiyaları İlham Əliyevi təbrik edirlər – YENİLƏNİR

Siyasət


Demokratik İslahatlar Partiyası seçkidə qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevi təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə partiyanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, prezident seçkisində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanmış Demokratik İslahatlar Partiyası 7 fevral növbədənkənar prezident seçkisində də öz müşahidə missiyası ilə yaxından iştirak edib. Bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkinin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşüb. Bununla yanaşı, səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilib və veb-kameralar qurulmuş məntəqələrdəki səsvermə haqqında qeydlər ümumiləşdirilib.

“Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli prezident seçkisi sakit məcrada keçmiş, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilmiş, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmamışdır. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçmiş, səslərin sayılması açıq və şəffaf təşkil olunmuş, heç bir problem qeydə alınmamışdır. Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərilmişdir. Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılmış və müşahidəçilərə təqdim olunmuşdur.

Seçki öncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilmişdir.

Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçmişdir. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”, – bəyanatda vurğulanıb.

09:56

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı Gələcək Azərbaycan Partiyası bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir:

“Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş prezident seçkisinə də bu baxımdan müsbət yanaşıb. Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında prezident seçkisi müzakirə edilib və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkidə müşahidəçi kimi iştirak etməsi haqqında qərar qəbul olunub.

Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və məntəqə seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçib və seçki günü səsverməni yaxından izləyiblər. Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmayıb və qanun pozuntularına rast gəlməyiblər. Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilib.

7 fevral seçkisi öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənib. Belə ki, səsvermə hüququ olan əhalinin əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlib. Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilib. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməyib.

Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkiyə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirib. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanıb”.

09:50

Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkisini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirib. Partiya Prezident seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirib.

Partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılıb. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkisində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunmuş və səsvermənin gedişatı analiz edilib.

Analizlərin nəticələrinə əsasən bildiririk ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılıb, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməyib. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunub, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılıb. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirib.

Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq”.

Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovdur.

09:41

Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkisini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir.

Oxu.Az xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilir.

Bəyanatda deyilir:

“7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkidə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı İlham Əliyevi dəstəkləyib.

Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırıb, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.

Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləyib, seçkinin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit ediblər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə edib.

Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti baxımından əhəmiyyətli dərəcədə fərqlənib.

Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.

Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində cansağlığı və müvəffəqiyyət arzu edirik”.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir