Dərin köklərə malik Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir.
Bunu Trend-ə açıqlamasında ZALOV İMZA TV ALYANS-ın rəhbəri beynəlxalq eüquq eksperti İsmail Zalov deyib.
İsmail Zalov bildirib ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.
“Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsir göstərib”, – deyə hüquq eksperti bildirib
İsmail Zalov vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib.
“Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
Prezident İlham Əliyev seçkidən sonra andiçmə mərasimində qeyd etdi ki, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu gün Azərbaycanın prioritet hesab etdiyi məsələlərdən biri də məhz budur”, – deyə İsmail Zalov əlavə edib.
Hüquq Eksperti bildirib ki, regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən, Qazaxıstan üçün də yeni fürsətlər yaradır:
“Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Azərbaycanla Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.
Əminik ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək”.
www.icra-hakimiyyeti.az