Allahverən İsmayılov: “Haker qurbanı olmuş vətəndaşların sayı ötən dövr ərzində 7000-dən çox olub”

Cəmiyyət

“İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər”.

Oxu.Az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (login, şifrə) və fərdi məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır:

“Ötən dövr ərzində onların sayı 7000-dən çox olub. Kritik infrastrukturlarla yanaşı, vətəndaşlara qarşı da həyata keçirilən kiberhücumların davamlı olması və kiberrisklərin analizi bu sahəyə ciddi nəzarəti labüd edir. Sahə üzrə yenilikləri və qlobal təhdidləri diqqətdə saxlamaq üçün Xidmət kibertəhlükələri və sahə üzrə beynəlxalq çağırışları diqqətlə izləyir, milli kibertəhlükəsizliyi qorumaq üçün aidiyyəti qurumlarla birgə tədbirlər görür.

Hesab edirəm dünyanın reytinqli şirkətlərinin hazırladıqları statistik məlumatlar və kiberhücumlar səbəbindən dəymiş ziyanlar haqqında məlumatlara nəzər salmaq maraqlı olar.

“Checkpoint” (Çekpoynt) şirkətinin hesabatına əsasən, 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (institutlar) ən çox hədəflənən sektor olaraq qalıblar, bununla yanaşı səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74% artıb.

“We are social” (Vi ar soşl) şirkətinin hesabatına əsasən, 8,1 milyard yer kürəsi əhalisinin 57,2%-i rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır, onlardan 5,44 milyard insan yəni 68%-i yalnız bir mobil cihaz daşıyıcısıdır, 4,76 milyard, 59,4%-i isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir.

Aktiv internet istifadəçilərinin 96,2%-i bir neçə telefon istifadə etməklə yanaşı 58%-i notbuk və ya masaüstü kompüter, 33,7%-i planşet, 29,9%-i ağıllı saat, 16,5%-i ağıllı TV, 16,4%-i ağıllı ev cihazları, 5,6%-i virtual reallıq cihazlarından istifadə edir.

Təkcə 2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəymiş illik ziyan 6 trilyon, aylıq 500 milyard , həftəlik 115,4 milyard, saatda 684,9 milyon, dəqiqədə 11,4 milyon, saniyədə 190 000 ABŞ dolları dəyərində qiymətləndirilir (2023-cü ildə qlobal miqyasda dəymiş ziyanın nəticələri hələ rəsmi olaraq açıqlanmadığından 2022-ci ilin nəticələrini diqqətinizə çatdırdım.)

Nəzər yetirdiyimiz statistikadan aydın olur ki, rəqəmsal cihaz istifadəçilərin sayının artması, sui-istifadə halları, rəqəmsal təhlükəsizlik təhdidləri və kiberhücumların artmasına da zəmin yaradır. Bu vəziyyət, xüsusilə elektron xidmət göstərən qurumlar və rəqəmsal cinayətlərin ekspertizasını həyata keçirən güc strukturları qarşısında ciddi məsuliyyəti, ayıq-sayıqlığı və professionallığı zəruri edir.

Bütün bunlar ölkəmizdə də informasiya təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu, dövlət informasiya resurslarından bütün mərhələlərdə istifadə olunduqda informasiya təhlükəsizliyi üzrə tələb və tövsiyələrə əməl olunmasının zəruriliyini bir daha təsdiqləyir.

Xidmətimiz dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi kimi qarşısında qoyulan bu şərəfli vəzifəni layiqincə həyata keçirəcək və bütövlükdə ölkəmizin müxtəlif sektorlarında rəqəmsal təhlükəsizliyi təmin edəcək”.

Könül Cəfərli

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir