Külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin ittiham olunduğu maddələrdən biri ləğv edilib

Cəmiyyət

Azərbaycan Dövlət Pantomima Teatrında mənimsəmə edən əməkdaş Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

İş üzrə şahid qismində tanınan Ramiz İsmayılov ifadə verib. O, təqsirləndirilən şəxsin qardaşı olduğunu deyib:

“2018-ci ildən teatrda işləyirəm. Sərəncam olandan sonra problemlər yarandı. Özüm əlbəəl üç nəfərə maaş verirdim. Bir ilə yaxın Eldar Əliyevə, Hüseyn İsmayılova 8-9 ay, Gülöyşə Qasımlıya isə iki il maaşı mənim kartıma yatırılıb. Bu barədə bacımla da dalaşmışam. Nelli xanımla da əlaqə saxlayanda deyirdi ki, məni soruşsalar, de ki, vəziyyətim ağırdır. Ancaq özü Dubayda idi. Teatrda təxminən 35 işçi var idi, 15 nəfərin kartı yox idi. Maaşları verəndə imza atmırdıq. İndinin özündə də xadimənin pulunu direktor özü verir. Bir dəfə Nelli xanımın qızı ilə bankdan pul çıxarmağa getdik. Onlar bankı tanımırdılar. Yoldaşımın yanında Nelli deyirmiş ki, Aytən necə edirsən et”.

Daha sonra Lalə İsmayılova ifadə verib. O, təqsirləndirilən şəxsin qohumu olduğunu deyib:

“Mühasib xərçəng xəstəsi olduğunu deyirdilər. Mənə Mehribanın maaşı yazılırdı. Hadisədən xəbərim yox idi. Mehribana nə qədər maaş verilirdi bilmirdim”.

Teatrın indiki baş mühasibi Səfəralı Dəmirli ifadəsində ondan öncə kartlarla bağlı problem olduğunu eşitdiyini deyib:

“Mən teatra 2022-ci ildə təyin edilmişəm. Hadisələr məndən öncə olub. Nelli xanım xəstəliyi ilə bağlı işdən çıxdı. Ona görə də təhvil-təslim aktını imzalaya bilmədim. Bundan başqa mən gələndə mühasibatlıqla bağlı sənədlər də yox idi. Bu barədə direktora və nazirliyə xəbər verdim. Direktor dedi sənədlər var. Hamısı Nelli xanımdadır. Aytən xanımla birgə akt təyin etdik. Mən eşitdiyimə görə, teatrın DSMF-yə borcu olduğuna görə kart problemi olub. 2023-cü ildən kart problemi həll edilib. Mən özüm də təzə gələndə iki ay maaşı Aytən xanımdan almışam”.

Sonda iş üzrə sonuncu şahid Nelli Axundzadə ifadə verib. O, teatrda 2-3 nəfərin kartı olmadığını deyib:

“Korrupsiyaya bizi çağıranda təəccübləndim. Aytən yaxşı qız idi. Mənim bütün işlərimi o görürdü. Sənədləri elektron poçt vasitəsilə Aytənə göndərirdim. Ona görə sənədlərlə bağlı banka gedə bilmirdim. Teatrda 43 nəfər işçi vardı. Onların 2-3 nəfərdə kart problemi vardı. Qalanları maaşı kartla alırdılar”.

Daha sonra dövlət ittihamçısı Orxan Səmədov təqsirləndirilən şəxsin üzərindən 308.2-ci maddənin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülməsi ilə bağlı məhkəməyə təklif verib.

Hakimlər qısa müşavirədən sonra vəsatəti təmin edərək Aytən Kərimovanın üzərindən həmin maddənin götürülməsi ilə bağlı qərar çıxarıblar.

Qeyd edək ki, Aytən Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur.

Təqsirləndirilən şəxsin vəkili istintaqın yekunlaşmamasını, vəsatətləri olacağını deyib. Ona görə də prosesi növbəti məhkəmədə bitirməyi təklif edib.

Növbəti məhkəmə prosesi aprelin 15-nə təyin edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir