Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, vətəndaşların əsas şikayəti dövlət qurumlarında yaranan vakansiyaların Dövlət Məşğulluq Agentliyinə verilməməsindəndir: “Dövlət qurumlarında elə işlər var imtahanla işə götürülür, amma texniki işçilərlə bağlı yaranan vakansiyalar yerli qurum və Dövlət Məşğulluq Agentliyi ilə birgə həllini tapmalıdır. Biz bu mexanizmə yenidən baxmalıyıq. Bu məsələlərlə bağlı yeni mexanizm tətbiq edilməlidir. Dövlət qurumlarında yaranan vakansiya məlumat verməyən qurumlar müvafiq qanunvericiliyimizə uyğun cavab verməlidir.
Deputat qeyd edib ki, peşə hazırlığından keçən şəxslərin sonrakı taleyi ilə maraqlanılmalıdır: “2024-2026-cı ilə qədər 12 minə qədər şəxsin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub. Bu insanlar peşə hazırlığından keçir, bəs onların iş tapıb-tapmaması ilə maraqlanılırmı?”.
Deputat həmçinin diqqətə çatdırıb ki, Məşğulluq Agentliyi ilə işəgötürənlər arasında müsabiqə keçirilir: “Müsabiqədən keçmiş işəgötürənlərlə Məşğulluq Agentliyinin birgə yaratdığı yeni iş yerləri regionlarda da nəzərdə tutulmalıdır. Regionlarda da gənclərin, insanların işlə təmin olunması diqqətdə olmalıdır. Müsabiqələrdə daha çox Bakı və Bakı ətrafı rayonlarda yeni iş yerlərinin yaradılması məsələsi müşahidə edilir”.
www.icra-hakimiyyeti.az