123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 15 avqust 2024-cü il tarixində Goranboy rayonu Veyisli kənd məktəbinin idman zalında həmin qəsəbədə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, hal-hazırda Kəlbəcərin elektrik və su təchizatı, yol infrastrukturu, eyni zamanda yaşayış binalarının tikilməsi ilə bağlı layihələr sürətlə davam etdirilir. 2022-ci ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi keçirilmişdir. Bölgənin təbii gözəlliyini özündə ehtiva edən Kəlbəcər şəhərinin Baş planına uyğun olaraq yeni yaşayış binaları, məktəb, xəstəxana, mədəniyyət mərkəzləri, muzeylər və digər tikililər də inşa ediləcəkdir.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər. “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin, 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Əziz seçicilərim, inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək öz mövqeyinizi ifadə edəcəksiniz. Əmin olun ki, mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacağam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacağam.
Namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 illik Vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı müzəffər xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar, müzəffər ordusu kimi tarixə düşdü. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
icra-hakimiyyəti.az