Adil Əliyev – dövlət xadimi, hüquqşünas, ictimai və siyasi xadim

İCRA hakimiyyeti

Adil Hacızəmi oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Gənc yaşlarından intizamı, əzmkarlığı və vətənə xidmət ruhu ilə seçilmişdir. Orta təhsilini başa vurduqdan sonra 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirmişdir. Gənclik illərindən idmana maraq göstərmiş və bu sahədə yüksək nailiyyətlər əldə etmişdir. O, 1992-ci ildən İdman Ustası adını almış və bu sahədə nüfuz qazanmışdır.

Təhsil və hərbi xidmət sahəsində də parlaq bir karyeraya malik olan Adil Əliyev, 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını müvəffəqiyyətlə bitirmişdir. Həmin ildən etibarən, 1993-cü ilə qədər Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət etmiş, hərbi sahədə də fədakarlıq və peşəkarlığı ilə tanınmışdır.

Təhsilini davam etdirən Adil Əliyev, 1998-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmiş, daha sonra isə Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə magistr dərəcəsi almışdır (2004). Elmi fəaliyyətini davam etdirərək 2010-cu ildə Bakı Dövlət Universitetinin aspiranturasını tamamlamış, 2013-cü ildə isə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1994–2005-ci illər ərzində Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışaraq hüquq-mühafizə sahəsində zəngin təcrübə qazanmışdır. Bu illərdə həm təşkilati, həm də əməli işlərdə fəal iştirak etmiş, yüksək peşəkarlıqla xidmət etmişdir.

2005-ci ildən başlayaraq siyasi fəaliyyətə atılan Adil Əliyev, 20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə ardıcıl olaraq III, IV, V və VI çağırışlarda millət vəkili seçilmişdir. Milli Məclisdə fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən qanunvericilik təşəbbüslərində iştirak etmiş, xüsusilə gənclər, idman, hüquq və beynəlxalq əlaqələr sahəsində dəyərli töhfələr vermişdir.

Parlamentin Gənclər və idman komitəsinin sədri vəzifəsini icra etmiş, 10 mart 2020-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir. Bu vəzifədə olduğu müddətdə bir sıra beynəlxalq və regional təşkilatlarda ölkəmizi layiqincə təmsil etmişdir. O, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvü, Azərbaycan–Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir.

Adil Əliyev eyni zamanda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının da üzvü olmuşdur. Bu sahələrdə dövlət maraqlarını önə çəkərək şəffaflıq, ədalət və qanunçuluq prinsiplərini daim üstün tutmuşdur.

İdman sahəsindəki fəaliyyətləri də diqqətəlayiqdir. 2000-ci ildən etibarən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti olmuş, bu dövrdə federasiyanın inkişafına, gənclərin idmana cəlb edilməsinə və ölkənin beynəlxalq idman nüfuzunun artırılmasına mühüm töhfələr vermişdir. Hal-hazırda federasiyanın “Fəxri Prezidenti” kimi fəaliyyətini davam etdirir.

8 iyul 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Bu təyinatdan sonra qısa müddət ərzində rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi istiqamətində yüksək fəallıq nümayiş etdirmişdir. Xüsusilə şəhid ailələri və qazilərlə daima sıx ünsiyyətdə olmuş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atmışdır.

Adil Əliyev ictimai və dövlət fəaliyyətinə görə bir sıra yüksək mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Ehtiyatda olan polkovnik hərbi rütbəsi daşıyan Adil Əliyev rus və ingilis dillərini sərbəst bilir. Ailəlidir, üç övladı var.

Onun həyat və fəaliyyəti vətənə, xalqa və dövlətə sədaqətli xidmət nümunəsi kimi dəyərləndirilir. Fəaliyyəti boyunca hər zaman milli maraqları üstün tutmuş, gənc nəsilə vətənpərvərlik və məsuliyyət hissi aşılamaq məqsədi ilə çalışmışdır.

Mətləb Kazımov

Redaktor müavini

“Qızıl qələm” mükafatı laureatı

İcra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir