Bakıda partlayış zamanı iki nəfər xəsarət alıb – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Bakıda partlayış zamanı iki nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 kvadratmetr olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin iki otağının yanar konstruksiyaları 50 kvadratmetr sahədə, ümumi girişin tavan və dam örtüyü 30 kvadratmetr  sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

15:25

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın yerindən görüntülər yayılıb.

Yanğın səbəbindən “Statistika dairəsi” istiqamətində yolda sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Baku TV-nin hadisə yerində olan müxbiri ən son xəbərləri diqqətinizə çatdırır:

15:14

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

14:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

www.icra-hakimyyeti.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir