Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın açıqlamaları məntiqsiz və reallıqdan uzaqdır. Onun Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirləri heç bir əsasa söykənmir. T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edir. Amma o vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etməklə məsələyə nə dərəcədə qərəzli yanaşdığını nümayiş etdirir.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Klaarın Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərlə bağlı mövqeyi onun asılı olduğu dairələrin sifarişlərinə əsaslanır: “Belə olmasa idi, Aİ-nin nümayəndəsi insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad edə bilməzdi. Sözsüz ki, T.Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyini bir daha sübut etmiş olur”.
Millət vəkili hesab edir ki, Aİ rəsminin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə heç də təsadüfi deyil: “Fakt odur ki, Ai-ı münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Bu yaxınlarda Aİ-nın Ermənistana hərbi yardım ayırması onların əsas niyyətinin göstəricisidir. Reallıq odur ki, Fransa kimi Aİ-ı üzv ölkələrinin bəziləri Ermənistana böyük miqdarda silah satmaqla regionda yenidən gərginlik yaratmağa çalışır”.
Aqil Məmmədov Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyə xidmət edən mövqeyinin qəti şəkildə rədd edildiyini söyləyib: “Bu mövqe birmənalı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, regionda gərginlik yaratmağa xidmət edir. Eyni zamanda Aİ-nın rəsmisinin bu mövqeyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun deyil. Ona görə də, Avropa İttifaqı kimi nüfuzlu bir təşkilatın insanların hüquq bərabərliyi prinsipinə hörmət etməməsi təəsüf və təəcüb doğurur”.
İcra-hakimiyyəti.az